Fachportal zur Geschichte und Kultur der Deutschen in Kaukasien

Köçürülmə

Şvabiya piyetistlərinin mühacirət etmə səbəbləri və Cənubi Qafqazın 1817 – ci ilə qədər Rusiya tərəfindən yeni işğal olunmuş ərazilərinə qəbul edilmə motivləri haqqında müxtəlif fikirlər mövcuddur. Ruslar tərəfindən Vürttemberq krallığı ilə olan qohumluq əlaqələri və I Aleksandrın (1777– 1825) Juliane von Krüdener (1764–1824) üçün xiliastlara olan müvəqqəti marağı ilə yanaşı, qeyri-sabit regionda əlavə bir xristian amili, ən əsası isə iqtisadi fəal elementin formalaşdırılması ümidi həlledici rola malik idi.

Vürttemberq tərəfindən baxdıqda isə, səbəbləri Napoleon müharibələri zamanında ağır siyasi və iqtisadi münasibətlərdə axtarmaq lazımdır. Daima qoşunların düşərgə salması, yüksək vergilər, eləcə də gənc oğlanların hərbi xidmətə çağırışlarının artması kimi amillər əhalinin sürətlə yoxsullaşmasına gətirib çıxarırdı. Öz dövlətçiliyini radikal vasitələrlə yenidən təşkil etməyə cəhd edən Vürttemberq kralı I Fridrixin (1754–1816) siyasəti də bura əlavə olunurdu. Maddi-texniki təminat səviyyəsinin dramatik şəkildə pisləşdiyi 1815 – 1817-ci illər və böyük aclıq böhranı da bu mühacirət üçün katalizator rolunu oynadı. 1817–1820-ci illərin mühacirət siyahılarına nəzər saldıqda, insanların 53,1 % "qida çatışmazlığı, yoxsulluq, daha xoşbəxt yaşamaq ümidi", 25,1 % "dini entuziazm", 12,4 % "daha yüksək gəlir perspektivləri", 7,8 % "evlənmə, xaricdə daimi iş yeri" və 1,6 % isə "daha öncə köç etmiş insanlarla qohumluq bağları" səbəbləri ilə mühacirət etdiklərini görə bilərik.

Bəzi mühacirlərin Şimali Amerikaya üz tutduqları bir zamanda, Rusiyanın cənubunu və Qafqazı seçən mühacirlərin əksər hissəsinin piyetistlər, yəni xüsusən inanclı dairələrdən olması, ələlxüsus da təşəbbüsçülərin və koloniya rəhbərlərinin dini motivasiyasının güclü olması nəzərə çarpır. Dəccalın tezliklə ortaya çıxacağına və qiyamət gününə olan inanclarında onlar piyetistlərin xiliazmdan götürdükləri, Johann Albrecht Bengel (1687–1752), Johann Yakob Friedrich (1759–1827) və Johann Heinrich Jung-Stilling (1740–1817) haqqında olan təsəvvürlərdən ilham alır və inanırdılar ki, Yerusəlim, yaxud da Ağrı dağ yaxınlığındakı sakit bir yerdə xilas olunacaq və İsa peyğəmbərlə birgə yer üzərində min illik sülhsevər imperiya quracaqlar.

Haraya?

Almanların Cənubi Qafqazda məskunlaşmaları II Yekaterinanın ənənələrində reallaşan sonuncu qapalı məskunlaşma fəaliyyəti oldu. Əgər çar I Pyotr (1672–1725) özünün xarici siyasi konsepsiyasında diqqətini əsasən şimala yönəltmişdirsə, bunun əksi olaraq XVIII əsr boyunca rusların bu məsələ ilə bağlı maraqları Rusiyanın cənubuna yönəlmişdi. Yekaterina isə nəinki ucqar ərazilərin elmi cəhətdən araşdırılmasını dəstəkləyirdi, həmçinin kəndlilərin yerləşdirilməsinin başlanğıcını qoyaraq 1762-1763-cü illərdə dəvət manifestləri ilə gələcək koloniyaların qanuni çərçivəsini yaratmış oldu.

Yekaterinanın planlarına öncə aşağı Volqa əyalətləri daxil idi. Lakin 1783-cü ildə Krım xanlığının Rusiya tərəfindən işğalından və 1792-ci ildə Yassıda bağlanmış sülh müqaviləsindən sonra Qara Dəniz bölgəsinə – Bessarabiya, Krım və Odessa ətrafı bölgələrə doğru ikinci böyük kolonizasiya hərəkatı baş verdi.

20 il öncə Prussiyaya II Fridrixin (1712–1786) dəvəti ilə gələn, lakin rejimin dəyişilməsindən sonra iman prinsiplərinin pozulması qorxusu və hərbi xidmətdən azad olunmanın qaldırılmasından sonra "Yeni Rusiyaya" gələn digər köçərilər İsveçli kəndlilər, əsasən isə Holland, Friz və Qdansk mennonitləri idi.

I Aleksandrın rəhbərliyi altında nəinki cənub əyalətlərə doğru genişlənmə, həmçinin II Yekaterinanın planlaşdırılmış məskunlaşdırma siyasəti də yeni bir mərhələyə qədəm qoydu. Onun 20 fevral 1804-cü il tarixli manifesti yeni məskunlaşanlar üçün qoyulan tələbləri kəskinləşdirdi: onlar yaxşı fermer, şərabçılıq, ipəkçilik, maldarlıq üzrə mütəxəssis və ya kənd sənətkarları olmalı, minimal əmlaka, eləcə də həyat yoldaşına və uşaqlara sahib olmalı idilər. İmmiqrantların sayı ildə 200 ailə ilə məhdudlaşmışdır və 1819-cu ildə kütləvi mühacirət tamamilə dayandı. Bunların hamısı Qara dəniz bölgəsində, Bessarabiyada və Cənubi Qafqazda 181 ana koloniyaların yaranmasına gətirib çıxardı.

 

Yolda

1812-ci ildə şərab taciri Georg Friedrich Fuchs Şvaikhaymda "Tanrı övladlarının Şvaikhaym harmoniyası" adlı Ştundist cəmiyyəti təsis etdi. Bir saat ("Stunde") ərzində görüşərək Bibliyanı öyrənib və dua oxumaq təcrübəsindən Ştundist adlandırılan bu separatist hərəkatı uşaqların xaç suyuna salınmasını qəbul etmirdi və hərbi xidmətdən imtina edirdi. 1815-ci ildə Vürttemberq separatçıları Fuchsun rəhbərliyi altında Qafqaza gəlməyi və bununla da əsl xristianların nicat yeri olan Qüds və Ağrı dağına yaxın olmağı qərara aldılar. Öz mülklərini satdıqdan və bütün zəruri vətəndaşlıq prosedurlarını həll etdikdən sonra 1816-cı ilin payızında təqribən 30 – 40 ailə yola düşdü.

Mühacirlər Ulm şəhərinin Şval limanındakı toplanma yerlərinə qədər yük arabalarında gəldilər. Orada da Ulm yeşikləri adlandırılan sadə taxta qayıqlara keçirildilər. Tez-tez içinə su dolan qayıqlarda həftələrlə davam edən bu səfər kifayət qədər yorucu və hətta Dunay çayının bəzi yerlərində həyat üçün təhlükəli idi. Budapeşt və Belqraddan keçən yol Bessarabiya ilə Rusiya arasındakı sərhəd şəhəri olan İsmayıl şəhərinə gətirirdi. Burada səyahətçilər ilk dəfə karantinə yerləşdirildi. Ərzaq və təmiz suyun olmaması epidemiyalara gətirib çıxarır və bir çox miqrantlar həmin epidemiyaların qurbanları olur. Qalan qrup ilk qışı alman mühacirlərin yanında Odessa yaxınlığındakı Grossliebental adlanan ərazidə keçirir. Oradan 29 ailə və onlara Grossliebentaldan qoşulmuş 2 ailə Qafqazın ali baş komandanı, general-leytenant Aleksey P. Yermolovun (1777–1861) yardımı ilə Qafqaz istiqamətinə doğru irəlilədilər. Böyük Qafqaz dağlarını keçdikdən sonra birinci mühacir dəstəsi 1817-ci ilin sentyabr ayında Tiflisə çatdı.

1817-ci ilin aprel ayından avqust ayına qədər Ulmda daha 1400 mühacirət etmək istəyən şvab ailəsi toplandı. Onlar Harmoniya adlandırdıqları həvari hekayətinin 4.32 maddəsinə əsasən, hələ özlərinin Şvabiyadakı doğma torpaqlarında, harmoniyada birgə yaşayan ilkin icmaya istinad edərək, müvafiq şəkildə hər birində 50 ailə olmaqla qardaşlığa məxsus mal ortaqlığı formasında təşkilatlandırılmışdırlar. Nəhayət 1818-ci ilin payızında səyahətin çətinliyi səbəbi ilə adam sayı xeyli azalmış halda on koloniya Tiflisə çatdı, oradan da şərq istiqamətində gedərək Yelizavetpol torpaqlarına qədər paylandılar.

 

Mənzil başında

21­ sentyabr (3 oktyabr) 1817-ci ildə 178 nəfərdən ibarət 31 ailə öz başçıları Gottfried Löfflerin rəhbərliyi altında Tiflisə gəlib çatdı. Hələ özlərinə verilmiş ərazilərdə ilk alman koloniyası olan Marienfeldin əsasını qoymazdan öncə onlar ilk qışı Gürcüstanın Sartiçala yaxınlığındakı Morkobi kəndində keçirdilər. 1818-ci ilin yazında hər bir ailəyə 35 desyatin (1 desyatin = 1,1 hektar) torpaq payı verildi. İlkin təchizat olaraq koloniya üzvlərinə dövlət hesabına 16 kotan, 35 at, eləcə də "özlərini qorumaq üçün" 31 silah paylandı. Yerindəcə 13 baş mal-qara müsadirə olundu və bir bəy (xan) də koloniyanın ixtiyarına 30 inək, 27 buzov və 200 qoyun verdi. 1817-ci ildə əsgərlərin dəstəyi ilə tikilən ilk evlər daşdan, karkas konstruksiyalardan və palçıqdan olub sadə iki otaqlı tikililər idi. Həmin evlər tikilməzdən öncə yeni gələnlər, budaq və peyinlə örtülmüş mağara tipli evlərdə yaşayırdılar. Daha böyük iki mərtəbəli evlər isə yalnız 1850-ci illərdən etibarən tikilməyə başladı.

1819-cu ilə qədər 2500-dən artıq vürttemberqli mühacir Cənubi Qafqaza çatdı və qərbdə Tiflis ilə şərqdə Yelizavetpol arasında daha yeddi koloniya quruldu. Ən başlıca məqsəd tarla və bostan sahələri vasitəsilə qidalanmanı təmin etmək idi. Lakin buna rəğmən ilkin illərdə kasıblıq və aclıq hələ də aktual məsələlərdən idi. Mühacirlər öyrəşmədikləri isti iqlimə, keyfiyyətsiz içməli su və ağır xəstəliklərə sinə gətirməli oldular. Saysız-hesabsız uşaq hələ südəmər vaxtlarından məhv olurdu, malyariya və yatalaq xəstəlikləri böyüklər arasında ölüm hallarına gətirib çıxarırdı. Pis iqlim və həyat şəraiti nəticəsində Şəmkir yaxınlığındakı qalanın yanında qurulmuş Alt-Katharinenfeld qısa müddət sonra qərb istiqamətinə, indiki Bolnisiyə köçürüldü. İnanclı mühacirlər öyrəşdikləri dini həyata davam edir və qonşularının ictimai və sosial həyatında yalnız qismən iştirak edirdilər.

Regionda gedən müharibələr ilkin dövrlərdə onlardan da yan keçmədi. Bütün çətinliklərə baxmayaraq kolonistlər növbəti onilliklərdə kənd təsərrüfatı, şərabçılıq, sənətkarlıq və ticarətlə müəyyən bir rifah halına çatdılar. Bu həm də onların kənd və şəhərlərinin qurulması və kilsələrinin tikilməsində öz əksini tapdı.

 

Etiqad birləşdirir

Istər mühacirət və koloniyalaşmanın təşkili, istərsə də birgə yaşayışın qaydaları icmaların ştundist mühitindən qidalanırdı. Mühacirlərin bəziləri üçün dini motivlər yüksək prioritetə malik olmasa da, ümumiyyətlə onlar çox dindar idilər. Onlar kilsə rəhbərliyinin andiçməsindən imtina edərək öz vaizlərini seçdilər. Lakin icma tərəfindən seçilən bütün ruhanilər bu vəzifənin öhdəsindən gəlmək üçün tələb olunan intellektual və mənəvi keyfiyyətlərə malik olmurdu. Onların vəzifələrinə ibadətlərə rəhbərlik etmək, nəsihətverici xütbələr oxumaq, gəncləri tərbiyələndirmək, uşaqları xaç suyuna salmaq, yas mərasimlərini, dəfnləri aparmaq və eləcə də icma üzvlərinin adət-ənənəyə uyğun həyat keçirmələrinə nəzarət etmək və mübahisələri həll etmək daxil idi. Yalnız 1823-cü ildə Şuşada missionerliklə məşğul olan və koloniya sakinlərinin ruhunun qayğısına qalan Bazel Missionerləri tərəfindən ilk kilsə qaydaları yaradıldı. He­inr­ich Benz, August Dittrich (1797–1855) və Felician Zaremba (1794–1874), eləcə də Johann Bernhard Saltet (1792–1830, 1826–1830 Cənubi Qafqaz koloniyalarının ilk böyük pastoru) qədim Vürttemberq kilsə qanunlarını əldə rəhbər tutur və Cənubi Qafqazda ilk kilsə nizamnaməsinin müəllifi olurlar.

Kolonistlər arasında kiçik qrupların radikal, təfriqəçi hərəkatları 1860-cı ilə kimi demək olar ki, itib getdi. 1832-ci ildə yevangelist-lüteran kilsə qanununun tətbiq edilməsi ilə Tiflis və Bakı şəhər icmaları 1841-ci ildən başlayaraq Moskva konsistoriyasına tabe edildi, koloniya icmaları isə özlərinin xüsusi mövqeyini qoruyub saxladı.

XX əsrədək lüteran kilsə həyatı dünyəvi və dini həyat arasında fərq qoymayan alman mühacirlər arasında ayrılmaz bir qüvvə kimi qaldı. Yalnız sovetləşmə və 1929-cu ildə qəbul edilmiş, icmaların, kilsələrin, ruhanilərin ləğv edilməsini nəzərdə tutan din haqqında qanun nəticəsində bu əlaqə məcburi şəkildə kəsildi.